Vüqar Tofiqoğlunun məhkəməsinə “çomaq soxanlar” – VƏKİL PROSESƏ NİYƏ QATILMADI?
Bu gün saat 10:15-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Tofiqoğlunun məhkəmə prosesi keçirilməli idi.
Hurriyyet.info xəbər verir ki, məhkəmədən yarım saat əvvəl V.Tofiqoğlunun ailə üzvləri, yaxınları, eləcə də “Hürriyyət”in kollektivi və bəzi oxucular məhkəmə binasının qarşısında prosesin keçiriləcəyi saatı gözləyirdilər.
Saat 10:15 tamam olsa da, baş redaktorun vəkili hələ gəlib çıxmamışdı. V.Tofiqoğlunun ailə üzvləri onunla telefon əlaqəsi yaratmağa cəhd etsələr də vəkilin telefonu söndürülmüşdü. Bu səbəbdən, hər kəs narahatçılıqla məhkəmə prosesinin baş tutub-tutmayacağını aydınlaşdırmağa çalışırdı. O cümlədən, vəkilin məhkəmədə iştirak etməməsi ilə bağlı müəyyən suallar da yaranmışdı. Belə ki, bəziləri Aqil Layıcın mobil telefonunu qəsdən söndürdüyünü, kimlərsə ona hakimiyyətin təzyiq etdiyini və s. iddia edirdilər.
Bu cür qeyri-müəyyənlik şəraitində məhkəmə prosesi təxminən 11:40-da “baş tutdu” və dərhal da təxirə salındı. Vəkilin həmin tarixdə prosesdə iştirak etmək imkanının olub-olmadığı belə nəzərə alınmadı. Hakim Elmin Rüstəmov prosesdə iştirak edən Vüqar Tofiqoğluna bildirdi ki, məhkəmənin təxirə düşməyinə səbəb vəkil Aqil Layıcın prosesə qatılmamasıdır.
Hakim bu sözləri zalda etiraza səbəb oldu və əksəriyyət məhkəmə prosesinin vəkilin iştirakı olmadan keçirilməsini tələb etdi. O cümlədən Vüqar Tofiqoğlunun özü də vəkil olmadan öz hüquqlarını müdafiə edə biləcəyini qarşı tərəfin diqqətinə çatdırdı. Buna baxmayaraq, hakim E.Rüstəmov məhkəmə baxışını 10 iyun saat 14:20-dək təxirə saldı.
Əlbəttə, Aqil Layıcın kifayər qədər təcrübəli bir vəkil olduğunu nəzərə alsaq, onun bu prosesdə iştirak etməyi “unutduğunu”, yaxud “yatıb qaldığını” düşünmək sadəlövlük olar. Üstəlik, məhkəmə başlayan saatda mobil telefonunun qapalı olması da xeyli şübhələr doğurur. Bu səbəbdən, mümkündür ki, məhkəmə zamanı əksəriyyətin iddia etdiyi kimi, hansısa məmurlar Vüqar Tofiqoğlunun işinə “çomaq soxur”. Hər halda, vəkil Aqil Layıcla danışdıqdan sonra bu suallara aydınlıq gətirə biləcəyik...
Jalə FAMİLQIZI
Hurriyyet.info