Xalq artistinin adından 500 min manatlıq fırıldaq – Təcili xəbərdarlıq
Xalq artisti Naibə Allahverdiyevanın adından sosial şəbəkələrdə dələduzluq edilib.
Hurriyyet.info xəbər verir ki, bu barədə aktrisa özü məlumat yayıb.
Aktrisanın sözlərinə görə, onun adından saxta mesajlar göndərilərək guya "Soliton" mağazalar şəbəkəsinin 22 illik yubileyi münasibətilə dostlarına 500 min manat pul hədiyyəsi veriləcəyi iddia olunur. O, vətəndaşları bu cür mesajlara inanmamağa, şəxsi və bank kartı məlumatlarını heç kimlə paylaşmamağa çağırıb:
"Bilmirəm, mənim səsimdən istifadə ediblər, yoxsa süni intellekt vasitəsilə səsimi hazırlayıblar. Mənim isə bunlardan heç bir xəbərim olmayıb. İndiyədək belə fırıldaqçıların qurbanı olmamışdım, amma bu dəfə onların toruna düşdüm.
Bir televiziya işçisi mənə "Facebook"da yazdı ki, bu şifrəni təsdiqlə və mənə geri göndər. Mən də etdim. Bundan sonra həm "Facebook", həm də "lnstagram" hesabım bağlandı. Sonradan gördüm ki, mənim "lnstagram" səhifəmdən istifadə edərək insanları aldadırlar".
Xalq artisti bildirib ki, dələduzlar hər dəfə "Soliton" şirkətinin adından istifadə edirlər. O, şirkət rəhbərliyinə də müraciət edərək məsələni araşdırmağa çağırıb.
"Buradan "Soliton" mağazalar şəbəkəsinə müraciət edirəm ki, bu məsələni araşdırsınlar. Mənim adımdan kim sizə mesaj göndərirsə, inanmayın. Bu mesajlar mənə aid deyil. Belə hallarla qarşılaşdığınız zaman ətrafınızdakı insanları da xəbərdar edin və məlumatı paylaşın", deyə aktrisa vurğulayıb.