Xalq rəssamı: Atam əl işlərimə baxıb dedi ki, buna pul verib alanlar dəlidir – MÜSAHİBƏ
– Məhəlləyə girin, mən eyvandayam, sizə işarə verərəm, – müsahibimlə telefonda danışa-danışa dediyi yerə qədər gəlib çıxırıq.
Öz-özümə düşünürəm ki, görəsən, o bizə hər hansısa bir işarə vermədən onu – bir rəssamı uzaqdan tanıya bilərəmmi? Yaradıcı adamlara seçilmiş adamlar deyirik, bu, müəyyən mənada, onların xarici görünüşünə də, – geyimindən tutmuş davranışına qədər, – təsir edir axı. Etməlidir.
Yanılmıram. Məhəlləyə girib birinci döngəni burular-burulmaz qarşıdakı binanın üçüncü mərtəbəsində bir nəfər görünür. Geyimində fərqli nəsə yoxdur, elə görkəmində də. Amma mən onun eyvanın məhəccərinə söykənib dayanmasından çoxdan tanıya bilmişdim.
"Report" Xalq rəssamı Əliyar Əlimirzəyevlə müsahibəni təqdim edir:
– Siz elə burada yaşayırsınız? – emalatxanaya girə-girə soruşuram. Ətrafımızda üst-üstə yığılmış əl işləri, müxtəlif boyalar, palitra, qələm, boya bıçağı, açıq pəncərə, pəncərədən içəri pənah gətirən Bakı küləyi...
– Yox, buranı eləcə emalatxana kimi istifadə edirəm, amma bəzən işim uzanır, gecəni də qalıram.
– Bəs günün hansı hissəsini burada keçirirsiniz?
– Evə bircə yatmağa gedirəm. Bu da günə görə, işimə və əhvalıma görə dəyişir.
– Bu işlər artıq yekunlaşıb, deyəsən, – divarboyu söykənmiş əsərləri göstərirəm.
– Bəli, bunlar hamısı hazır işlərdir.
– Sifarişdir, yoxsa necə?
– Yox, bunları, sadəcə, özüm üçün çəkmişəm. Çünki məndə öz əsərim, demək olar ki, qalmayıb, ona görə bunları satmaq fikrim yoxdur. Pul bu gün var, sabah xərclənib qurtaracaq, amma bilirəm ki, bunlar ömrümün sonuna qədər mənimlədir.
– Sizin haqqınızda əsərləri ən çox satılan rəssamlardan birisiniz deyə oxudum.
Gülür.
– Daha çox əvvəl belə demək olardı, indi elə deyil. Çünki əvvəllər ay ərzində üç-dörd əsər işləyə bilirdim, indi iki aya birini.
– Niyə bəs?
Əllərini yana açıb dayanır. Bu vaxt onun ağarmış saçları diqqətimi çəkir.
– Artıq qocalmışam, enerjim əvvəlki kimi deyil, hətta qalmayıb...
– Mən sizin rəsmlərinizi araşdıranda xüsusilə "Avtoportret" diqqətimi çəkdi.
Telefonda həmin şəkli tapıb göstərirəm. Üzərinə 1990-cı il yazılıb.
– Hə... Bu əsər Türkiyədəki sərgidə oğurlandı.
– Necə oğurlandı?
– Düzü, bilmirəm, orada qalereyada sərgilənirdi, sonra qalereya bağlandı, əsər də beləcə yoxa çıxdı, bir az axtardım, araşdırdım, sonra heç nə, – təəssüfünü əlini bir neçə dəfə havada yelləməklə göstərir.
– Rəsmə baxanda özümə bu sualı verdim ki, rəssam, görəsən, niyə belə bir şey çəkib? Çünki avtoportret deyəndə mənim gözümün qarşısına bu cür təsvir gəlmir.
– Burada mən daha çox özümü içəridən, yəni daxildən çəkmişəm. Sən deyirsən, bu cür təsvir ağlına gəlmir, məncə, normaldır, çünki biri var, üzdən, yəni xaricdən baxış, biri var, daxildən. Bu, ikincidir, yəni daxili baxış.
Bax avtoportretin biri də burada var, – əli ilə eyvanın yaxınlığında divardan asılan əsəri göstərir, – bunu isə 2020-ci ildə çəkmişəm, pandemiya dövründə.
Şəklə diqqətlə baxanda, doğrudan da, pandemik ab-hava hiss eləmək olur.
– Görəsən, indi oğurlanmış rəsm haradadır? – bayaqkı təəssüfün ardınca düşüb təzədən soruşuram.
– Yəqin ki, İstanbulda. Bilirsən, hər bir əsərin öz ömrü, öz yolu olur. Əşrəf Muradın (Azərbaycanlı rəssam. Bəzi mənbələrdə Əşrəf Muradoğlu kimi təqdim olunur. 1979-cu ildə vəfat edib. Vəfatından sonra emalatxanasına köçən bir nəfər onun əşyalarının və tablolarının əksəriyyətini atıb, yaxud yandırıb, – N.P) bir əsəri vardı, o əsər dostum Kamal Əhməddə (Azərbaycanlı rəssam, əməkdar incəsənət xadimi. 1994-cü ildə vəfat edib, – N.P) idi. O da həmin əsəri mənə vermişdi. Atam xəstələnəndə elə oldu ki, ehtiyac ucbatından həmin əsəri 300 dollara satmalı oldum. Satıb xəstəxana xərclərini ödədik. Əşrəf Murad həmin əsərindən maddi olaraq nəsə qazanmışdımı? Yox, amma o əsər mənim atamın xəstəxana xərclərini qarşıladı. İllər sonra təsadüfən həmin əsəri satılarkən gördük və dostum onu 1000 dollara satın aldı. Yəni, dediyim kimi, hər bir əsərin öz taleyi, öz yolu, öz ömrü olur. İndi İstanbulda, ya başqa haradasa həmin avtoportret, yəqin ki, öz ömrünü yaşayır.
Əsərlərdən başqa biri diqqətimi çəkir. Önündə dayanıram, dərhal həmin əsər barəsində danışmağa başlayır.
– Bu, "Uçan adam" silsiləsinin bir parçasıdır. Bu mövzuda, haradasa, ona yaxın rəsmim var. Bu da satılmaq üçün deyil, özüm üçün çəkmişəm. Bu silsilə öz-özünə yarandı, konkret nəyəsə görə çəkmişəm deyə bilmərəm. Ümumiyyətlə, mənim çəkdiyim əsərlərin heç birində bəlli yol, istiqamət olmur. Bir cür başlayıb, başqa cür davam edib, tamam başqa cür tamamlaya bilərəm. Bu, bir az əhvaldan asılıdır, bir az hiss eləməkdən və başqa nələrdənsə.
– Rəsmin üzərində kod-ştrixlər var, mənası nədir?
– Dantenin "Cəhənnəm"indən parçadır.
– Bu, hansı əlifbadır ki?
– Mən bu əlifbanı uşaqlıqda özüm üçün yaratmışdım.
– Niyə?
– Çünki istəmirdim ki, yazdıqlarımı kimsə oxuyub başa düşsün. Özüm yazıb özüm də oxuya bilim, bəsdir. Əslində, kiril qrafikasına əsaslanır, amma özümdən başqa kimsə oxuya bilməz.
Daha sonra yazdığını rus dilində oxuyub tərcümə edir:
"Həyatımın yarısını yaşayıb qurtarandan sonra
Özümü qəribə meşədə tapdım".
– Bu əlifba söhbəti çox maraqlı gəldi. Belə bir şey niyə ağlınıza gəlib ki?
– Mən uşaq vaxtı çox kompleksli olmuşam. Məktəbdə ən balacaboy uşaq mən idim. Hətta ən balaca qızlar belə məni adi yarışlarda udurdu. Buna görə məndə çox pis kompleks yaranmışdı, düşünürdüm ki, həyatda heç nəyi bacarmıram. Bacara bilmərəm. Ona görə özümə qapanmışdım, öz dünyamı yaratmışdım, orada da mənim üçün rəsmdən başqa heç nə yox idi. Yəqin ki, bu məni xoşbəxt edən yeganə şey idi.
– Mən, əslində, bunu sizdən soruşacaqdım. Çünki sizin əsərlərinizdə rənglər qışqırmır, çox solğun, qapalı təsir bağışlayır. Oradan nəticə çıxarmışdım ki, elə siz özünüzə qapanıq adamsınız.
– Elədir. Bilirsən, hər bir rəssamın çəkdikləri öz içinin, ürəyinin, dünyasının güzgüsüdür. Fərqi yoxdur, nə çəkirsən, çək, çəkdiklərin hamısı avtoportretdir. Bundan qaçmaq mümkün deyil.
– Amma özünüzə qapanmağınızın müsbət tərəfi də var, məsələn, sizin rəsm qabiliyyətinizi üzə çıxarıb.
– Elədir, o tərəfdən də baxmaq mümkündür. Amma o zaman elə bilirdim, elə düşünürdüm ki, hamı yaxşıdır, hamı bacarıqlıdır, bircə pis mənəm, bacarıqsız mənəm.
– Bəs indi necə?
Bir qədər düşünür...
– O qədər də yox, amma yenə də ürəyimin hansı hissəsində bu duyğu var, onu hiss edirəm.
– Xalq rəssamısınız siz, ay Əliyar müəllim, bacarıqsız nədir?
Əliyar müəllim gülümsünüb susur. Mən də mövzunu dəyişirəm.
– Siz o gün mənə telefonda dediniz ki, Rəssamlıq Akademiyasında olacaqsınız, sonra emalatxanada. Dərs deyirsiniz?
– Yox, mən orada ştatlı işçi olmaqdan, maaş almaqdan imtina etmişəm.
– Niyə?
– Çünki bunlar mənim azadlığımı əlimdən alacaq. Mən rəssamam, azad olmaq, azad düşünmək, azad nəfəs almaq istəyirəm. Amma orada tələbələrim var, onlardan imtahan götürürəm. Yeri gəlmişkən, bu il iki tələbəmin ikisi də 100 bal aldı.
– Hə, deməli, gənclərlə işləyirsiniz.
– Bəli, sağ olsunlar, gəlib məni tapırlar. Söhbətlər edirik, müzakirələr aparırıq. Belə ümumən də həftədə bir-iki dəfə akademiyaya gedib-gəlirəm.
– Əliyar müəllim, özünüzə tənqidi yanaşa bilirsiniz?
– Məndə evdə müxtəlif rəssamların işlərindən ibarət kolleksiya var, amma onların içində öz işim yoxdur. Çünki hər dəfə öz rəsmimi görəndə nəsə bir şey tapıram, bunu belə edəydim gərək, bu artıqdır, bu əskikdir. Yəni heç vaxt özümdən, öz əl işimdən tam razı qalmamışam.
– Sizcə, bu, yaxşı haldır, yoxsa pis?
– Bilmirəm, bu haqda heç bir fikrim yoxdur, deyə bilmərəm. Məsələn, 10 il öncəki özümlə indiki arasında xeyli fərq var. İllər keçdikdə hissiyyat dəyişir, düşüncə dəyişir. 20 il qabaq gördüyüm işi indi istəsəm belə, edə bilmərəm, çünki o hissi yaşamayacağam, yaşaya bilmirəmsə, çəkə də bilmərəm.
– Akademiyada maaşdan imtina eləmisiniz, bayaq isə dedik ki, siz ən çox əsərləri satılan rəssamlardansınız. Bir sözlə, gəliriniz elə rəsm əsərlərindəndir.
– Hə, mənim işim budur, bununla dolanıram. Daha çox qazana bilərəm, bunun üçün daha çox çəkməliyəm, amma mən heç kəsi aldada bilmərəm, aldatmaq istəmirəm. Gərək hiss edəm, duyam ki, çəkəm. Nə qədər hiss edirəmsə, o qədər də çəkirəm.
– Fərdi sifarişlər olur?
– Olur, amma mənim sifariş götürməyim belədir ki, ölçünü və mövzunu götürürəm, qalanı ancaq özüm.
– Daha çox yerli, yoxsa xarici sifarişləriniz olur?
– Əsasən Azərbaycandan.
– Xalq rəssamı Fərhad Xəlilovla müsahibəmi xatırladım, o demişdi ki, Azərbaycanda rəssama və rəssamlığa münasibət hələ təzə-təzə formalaşır. Razısınız?
– Tamamilə, razıyam. Əvvəl ancaq xaricilər üçün bunlar maraqlı idi, yalnız onlar alırdı, amma indi əməlli-başlı mühit var, maraq var.
– Bəs bu maraq bizdə niyə belə gec formalaşdı?
– Mən deməzdim ki, gecikmişik, vaxtında baş verib, əslində.
– Bir az kommersiya xarakterli suallardan qaçanam, amma icazə verin sizdən soruşum: ən baha satılan əsərinizin qiyməti nə qədər olub?
– 20 000 manat.
– Auksionlarda iştirak edirsiniz?
–Yox, sadəcə, kənardan görürlər, sifariş olur və alırlar. Ümumiyyətlə, keyfiyyət varsa, əvvəl-axır qiymətləndiriləcəksən.
– Bir çox ölkədə sərgiləriniz olub. Mənə maraqlıdır, bir polyakın, ingilisin baxışı ilə azərbaycanlının baxışı arasında nə kimi fərqlər var? Bunu hiss eləmisiniz?
– Düzü, o qədər də kəskin fərq hiss etməmişəm. Bəlkə də, olur, ürəyində nəsə düşünür, bizdən fərqli, bizdən ayrı, amma onu ifadə baxımından, mənə elə gəlir, bu hamıda eyni olur.
– Əl işlərinizdə qadın təsvirləri yaman çoxdur. İnternetdə bir xeylisinə rast gəldim, elə burada da biri var, – divarın küncündəki əsəri göstərirəm, – bu, nə ilə bağlıdır?
Gülür.
– Dünyada gözəllik deyəndə ağla nə gəlir: qadın və gül. Mən də bir rəssam kimi bu gözəlliyə qaçıram, onu hiss edirəm deyə təsvir eləmək istəyirəm. Bu həm də həyatın diktəsidir. Bilirsən, mən hazırda indiyə qədər etdiklərimi təkrarlamaq istəmirəm. İstəyirəm, özüm özümü təəccübləndirim. Yeniliklə, nəsə bir fərqliliklə özüm özümə şok effekti verim. Yəni öz əl işimə baxım və təəccüblənim. İndi ancaq bunun üçün çalışır, bunu düşünürəm.
– Əliyar müəllim, Müasir İncəsənət Muzeyində sizin heykəltaraşlıq nümunələriniz də var, amma, deyəsən, daha məşğul deyilsiniz.
– Hə, orada və başqa xarici ölkələrdə də var. Parisdə muzeydə var, məsələn. Məşğul deyilsiniz deyəndə ki, bilirsən, mən özümü heykəltaraş hesab eləmirəm. Azadam mən, azad hiss edirəm, elə belə də qalmaq istəyirəm.
– Heykəltaraşlıq sizin azadlığınızı əlinizdən alır ki?
– Mən rəssamam və bu məni xoşbəxt edir, çünki belə olan halda, yəni rəssam kimi səhvə yol verə bilərəm.
– Hamı səhv edə bilər də.
– Yox, yox, qəti. Həkim səhv edə bilməz. Onun buna haqqı yoxdur. Eləcə də heykəltaraş səhv edə bilməz, onun da haqqı yoxdur, amma rəssam edə bilər. Yəni səhv edə bilmək hüququ, rahatlığı mənə azadlıq verir. Özümü daha rahat, daha sərbəst hiss edə bilirəm, daha dərindən nəfəs almaq kimi.
– Bu, bir az da məsuliyyətdən qaçmaqdır, məncə.
– Nə bilim, amma mən özüm üçün çəkirəm, işlərimi özüm üçün görürəm, səhvim olanda da bu mənim səhvimdir, kiməsə borclu qalmıram, kiminsə nəyinəsə bais olmuram. Bu da mənim azadlığımdır.
– Ailənizdə necə idi vəziyyət? Deyirsiniz, özünüzə qapanıq olmusunuz, amma rəsm qabiliyyətiniz olub, sizi dəstəkləyirdilərmi?
– Mən artıq özüm üçün emalatxana qurmuşdum, tanınırdım, işlərim alınırdı. Günlərin bir günü atam emalatxanama gəldi, çəkdiklərimə baxıb dedi ki, səni deyə bilmərəm, amma sənə pul verib bunu alanlar dəlidir.
Əliyar müəllimin bu cavabı məni xeyli tərəddüdə salır. Nə gülə bilirəm, nə düşünə.
– Bəs uşaqlıqda necə, onda da elə bu cür münasibət bəsləyirdilər?
Əllərini yana açıb susur.
– Artıq Xalq rəssamısınız. Bunu həm də ailənizə özünüzü sübut eləmək kimi başa düşmək olar?
– Özümü sübut... Bilirsən, mən özümü kiməsə sübut eləmək barədə düşünmürəm. Heç vaxt da düşünməmişəm. Deyirsən, Xalq rəssamıyam, hə, belədir, amma məndə özündənrazı olmaq xüsusiyyəti yoxdur.
– Atanızın münasibəti aydındır, bəs başqaları, bacınız, qardaşınız...
– Başa düşməsələr də, hörmət edirlər. Bilirsən, bəzən düşünürəm ki, rəsmi hər kəs başa düşməli deyil. Bu normaldır. Ali riyaziyyatı hamı başa düşür ki? Yox, bu da onun kimi bir şeydir.
– Ramiz Rövşən bir dəfə demişdi ki, məni ən çox incidən şey doğmalarım tərəfindən başa düşülməməkdir.
– Mənim belə bir gözləntim yoxdur, olmayıb, başa düşməyə bilərlər, amma hörmətlə yanaşırlar, bu bəs edir.
– Ailə qurmusunuz?
– Bəli, övladlarım, nəvələrim var.
– İncəsənətə marağı olan var?
– Qızım Rəssamlıq Akademiyasını dizaynerlik üzrə bitirib, amma işləmir, hazırda ailəsi ilə Dubayda yaşayır.
– Qısası, sizin nəsildə incəsənət adamı deyəcəyimiz tək adam sizsiniz.
– Bəli.
– Səhv eləmirəmsə, Qusarda doğulmusunuz, sonradan Bakıya köçmüsünüz.
– Bəli. Qusarın ucqar Gilax kəndində doğulmuşam. O kənddə cəmi yeddi ailə yaşayırdı. Atamgil sonradan Bakıya köçüb gəliblər, bacı-qardaşlarım Bakıda doğulub.
– Bəs rəssamlıq məktəbinə getməyiniz necə oldu?
– Mən bütün günü çəkirdim, marağım vardı. Anam məni Bakıdakı mədəniyyət evlərindən birinə apardı. Orada rəssamlıq üzrə dərnək vardı, müəllimimin də adı Çingiz Abdullayev. Mən ondan çox şey öyrənmişəm. O mənə deyirdi ki, qırmızı rəngi işləyirsənsə, çalış, qırmızı rəngdən istifadə eləmə. Qara çəkirsənsə, qara rəngdən istifadə eləməkdən qaç, amma elə et ki, istədiyin rəng alınsın. Məsəl var, mən sənə bulağı göstərirəm, amma gedib oradan su içmək, su götürmək artıq sənlikdir. Mənim işim sənə o istiqaməti verməkdir. Çingiz Abdullayevlə mənim münasibətim də məhz bu cür idi. O istiqaməti verirdi, mən də istədiyimi gedib özüm tapırdım.
Daha sonra isə lap dəqiq, 1977-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul oldum, təhsil aldım, sonra hərbi xidmət, daha sonra isə küçə həyatı.
– Küçə həyatı?
– Bəli, bir çox sahədə işləmişəm. Rəngsaz işləmişəm, fəhlə işləmişəm, aşpaz işləmişəm, nə bilim, nələr-nələr... Emalatxanam yox, şəraitim yox...
– Yaxşı, bəs nə vaxt hiss elədiniz ki, siz rəngsaz yox, aşpaz yox, elə məhz rəssam kimi davam eləməlisiniz və qazanmalısınız.
– Mən buna konkret qərar verməmişəm, görünür, bu, belə olmalı imiş. Olmalı imiş ki, indi belə alınıb.
– Bura daha çox yaşayış binasıdır, qonşularla münasibətiniz necədir?
– Çox yaxşı, əsas odur, heç kəsi narahat eləmirəm. Heç vaxt da eləmərəm. Mənim, ümumiyyətlə, qapım heç vaxt bağlı olmur, – əli ilə bayaq bizi qarşıladığı dəmir qapını göstərir. Müsahibim danışdıqca fikrim qalır qapının yanında, oranın biz içəri keçəndən sonra kilidlənib-kilidlənmədiyini düşünürəm, – bura həmişə qonşular da gəlir, tələbələr də, müxtəlif vəzifədə, səlahiyyətdə olan adamlar da. Yəni qonaq üçün həmişə yerim var.
– Yenə Fərhad müəllimlə müsahibədən bir şey düşdü yadıma. O, hazırda əncir ağacları ilə bağlı silsilə rəsmlər çəkir. Bu da, təbii, ona Abşeron mühitindən qalma bir şeydir. Bəs sizə Bakı nə verib? Yaxud elə Qusar olsun.
– Bilirsən, mən həmişə çalışmışam ki, əsərlərimdə zaman və məkan anlayışından qaçam.
Bu vaxt divar boyunca uzanan Xəzər və Bakı sahilini görürəm.
– Axı bura Bakıdır.
– Deyil, bəlkə də. Ora Bakı da ola bilər, Neapol da, – bir qədər düşünüb fikirlərini daha da genişləndirir, – amma mənə elə gəlir, Bakı ən gözəl şəhərdir. Bu yaxınlarda Vyanada idim, bir həftəyə yaxın orada qaldım. Bir gün taksi ilə harasa gedirdim, şəhərə baxdım, baxdım və öz-özümə düşündüm ki, doğrudan da, Bakı ən gözəl şəhərdir. Bəli, Vyana da gözəldir, başqaları da, hər birinin öz yeri, öz gözəlliyi, amma Bakı... nə bilim, Bakı başqadır.
– Görünür, elə zaman və məkan anlayışını ilk dəfə Bakıya olan sevginizə görə istifadə eləmisiniz, – qalxıb həmin rəsmin qarşısında dayanırıq.
– Bəlkə də.
– Portret işləyirsiniz? Kimsə sizə sifariş edə bilər, yaxud, məsələn, Nizami Gəncəvinin portretini çəkərsiniz?
– Yox, heç vaxt çəkmərəm. Çünki mən onu hiss eləmirəm, hiss eləmirəmsə, çəkməyin mənası da yoxdur.
Beləcə, Əliyar müəllimlə bir az da emalatxanadakı əl işlərindən, hazırda fikrində-zikrində olan gələcək rəsmlərdən danışıb sağollaşırıq. Qapıya çatar-çatmaz bayaq dediyi fikri xatırlayıram: mən heç vaxt qapını bağlamıram.
Elə bu fikirlə dəstəyə toxunuram, qapı açılır...