📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xankəndidən könüllü gedənlər "başsız" qalıb

2026-07-09 17:16:29

Xankəndidən könüllü gedənlər

Bir neçə gün əvvəl özünü qondarma "parlamentin sədri" kimi təqdim edən separatçı Aşot Danelyan istefa verib. Onun gedişindən sonra digər separatçılar yenidən bir araya gəliblər.
Qondarma "dövlət naziri" Njde İsgəndəryan bildirib ki, yeni "spiker"in seçilməsi üçün məsləhətləşmələrə başlanılıb. Onun sözlərinə görə, hələlik kimin "namizədliyi" üzərində dayanılacağı məlum deyil. Lakin erməni mediası yazır ki, Nikol Paşinyan hökuməti separatçıların özlərinə yeni "spiker" seçməsinə imkan vermək niyyətində deyil. Hətta bununla bağlı qondarma "parlament"in bir sıra "deputat"larına xəbərdarlıq edildiyi bildirilir. Hər bir halda, onların yenidən toplaşması və qondarma parlamentə növbəti oyuncaq "sədr" seçmək cəhdi separatçı fəaliyyətin davam etdirilməsi deməkdir. Halbuki Qarabağdan çıxmazdan əvvəl Samvel Şahramanyan qondarma "artsax respublikası"nın buraxıldığını elan etmişdi. Buna baxmayaraq, həmin mifik rejimin bəzi nümayəndələri hələ də İrəvanda müxtəlif fəaliyyətlərini davam etdirirlər. Onların bu aktivliyi isə Ermənistanla Azərbaycan arasında sülh prosesinə xələl gətirən amillərdən biri kimi qiymətləndirilir.

Bəs Paşinyan bu cür yığıncaqlara nə vaxt son qoyacaq? Axı o, daha əvvəl "Qarabağ hərəkatı"na imkan verməyəcəyini bəyan etmişdi.
Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com-a açıqlamasında bildirib ki, bu cür addımların Azərbaycana birbaşa təsiri yoxdur: "Artıq dünyada Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu qəbul edilib. Qarabağda yaşayanlar həmin bölgənin sakinləridir. Sadəcə, müəyyən qüvvələr var ki, bu məsələni Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Bununla bağlı müəyyən işlər görülür, amma onların qarşısını tam şəkildə almaq hələ ki, mümkün deyil. Digər tərəfdən, son seçkilərlə əlaqədar Paşinyanın mövqeyi bir qədər zəifləyib. Yeni hakimiyyət formalaşdıqdan sonra bu məsələ, yenidən gündəmə gələ bilər. Azərbaycan da rəsmi mövqeyini bildirməlidir ki, Ermənistanda bu cür fəaliyyətlər yolverilməzdir və onlar sülh sazişinin imzalanmasına, eləcə də prosesin sürətlənməsinə mane ola bilər”.
Politoloq bildirir ki, bu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələdir: "Əgər İrəvan doğrudan da sülh gündəliyinə sadiq olduğunu nümayiş etdirmək istəyirsə, qondarma qurumun qalıqlarının fəaliyyətinə hüquqi qiymət verməli və onların siyasi platforma kimi çıxış etməsinə imkan yaratmamalıdır. Bu cür toplantılar hüquqi nəticə doğurmasa da, revanşist dairələrə stimul verir və sülh prosesinə mənfi təsir göstərir. Azərbaycan bu məsələni ikitərəfli danışıqlarda, eləcə də beynəlxalq platformalarda qaldırmaq hüququna malikdir. Çünki söhbət təkcə keçmiş separatçıların fəaliyyətindən deyil, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların tamamilə aradan qaldırılmasından gedir. Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, bu cür qrupların fəaliyyətinə son qoyması onun öz öhdəliyi olmalıdır”.