Ya avqust, ya da sentyabr...- Paşinyan üçün son tarix
"Ermənistanın baş naziri Nikol Paşinyanın Yekaterinburqa səfəri Moskva ilə İrəvan arasında son aylarda dərinləşən fikir ayrılıqlarını aradan qaldıra bilmədi. Əksinə, səfərdən dərhal sonra Rusiyanın Ermənistana ünvanladığı siyasi mesajların tonu daha da sərtləşdi. Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanı nasizmi bəraətləndirməkdə ittiham etməsi və bunun Paşinyanın Rusiyaya səfərinin ardınca baş verməsi Kremlin İrəvana narazılığının artdığını göstərən növbəti siqnal kimi qiymətləndir".
Musavat.com xəbər verir ki,"Moskovskiy komsomelets" nəşri yazıb.

"MK"ya danışan politoloq Andrey Suzdaltsov hesab edir ki, Paşinyanın Yekaterinburq səfəri gözlənilən nəticəni verməyib. Onun sözlərinə görə, Ermənistan nümayəndə heyətinin Rusiya rəhbərliyinə jest etmək cəhdi belə uğursuz alınıb. Baş nazirin özü ilə apardığı on yeşik erməni əriklərindən yalnız ikisi qəbul edilib, qalan hissəsi isə geri qaytarılıb. Ekspert bunu iki ölkə arasındakı siyasi münasibətlərin real vəziyyətini əks etdirən simvolik hadisə kimi dəyərləndirir. Suzdaltsovun fikrincə, son illər Ermənistan rəhbərliyi paradoksal siyasət yürüdür. Bir tərəfdən Avropa İttifaqı və ABŞ-la münasibətləri sürətlə genişləndirir, digər tərəfdən isə Rusiyanın təqdim etdiyi iqtisadi və təhlükəsizlik üstünlüklərindən imtina etmək istəmir. Onun sözlərinə görə, İrəvan Rusiyadan uzaqlaşmağa çalışsa da, eyni zamanda ucuz enerji, açıq bazar və təhlükəsizlik təminatlarının saxlanılmasını gözləyir.
Ekspert bu siyasəti Ukraynanın 2013-2014-cü illərdə apardığı kursla müqayisə edir. Onun fikrincə, Paşinyan da vaxtilə Kiyevin etməyə çalışdığı kimi, Qərbə inteqrasiya etmək, lakin Rusiya bazarını və iqtisadi üstünlükləri qorumaq istəyir. Politoloqun sözlərinə görə, Moskva artıq Ermənistanın bu siyasətini qəbul etmək niyyətində deyil. O bildirir ki, Paşinyanın aprel ayında Moskvaya səfəri zamanı Prezident Vladimir Putin Ermənistan rəhbərliyinə açıq mesaj verib: ölkə geosiyasi seçim etməlidir.

Ekspert hesab edir ki, Kremlin mövqeyi kifayət qədər sadədir. Əgər Ermənistan Avropa İttifaqı və NATO istiqamətini seçirsə, Moskva bunu qəbul etməyə hazırdır. Lakin belə olan halda Rusiya tərəfindən təqdim edilən iqtisadi güzəştlərin və strateji imtiyazların davam etdirilməsi mümkün olmayacaq. Suzdaltsovun diqqət çəkdiyi əsas məqamlardan biri də Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) statusudur. Ermənistan təşkilatdakı fəaliyyətini faktiki dondursa da, eyni zamanda Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının ölkədə qalmasını istəyir. Ekspertin fikrincə, bu, ziddiyyətli yanaşmadır. Çünki bir tərəfdən Ermənistan Qərbə inteqrasiya kursunu davam etdirir, digər tərəfdən isə təhlükəsizliyini hələ də Rusiyanın hərbi iştirakı ilə təmin etməyə çalışır. Onun sözlərinə görə, Moskva artıq bu yanaşmanı qəbul etmir və Ermənistanın hansı geosiyasi blokda yer alacağını dəqiq müəyyənləşdirməsini istəyir.
Politoloq hesab edir ki, Moskvanın əlində ən təsirli rıçaqlardan biri enerji sahəsidir. Hazırda Ermənistan Rusiyadan min kubmetr qazı dünya bazar qiymətlərindən xeyli aşağı – təxminən 177,5 dollara alır.
Ekspertin qənaətincə, yaxın aylarda Ermənistanın geosiyasi kursunda dəyişiklik baş verməsə, qazın qiymətinə yenidən baxılması mümkündür. Onun fikrincə, avqust-sentyabr aylarında bu məsələ gündəmə gələ və oktyabr ayına qədər yeni tariflərin tətbiqi istisna olunmaya bilər. Suzdaltsov bildirir ki, Rusiya artıq Ermənistanın Qərbə inteqrasiyasını maliyyələşdirmək niyyətində deyil. Onun sözlərinə görə, əgər İrəvan Avropa yolunu seçirsə, enerji daşıyıcılarını da dünya bazar qiymətləri ilə almağa hazır olmalıdır.
Ekspert hesab edir ki, son hadisələr Rusiya-Ermənistan münasibətlərində yeni mərhələnin başlandığını göstərir. Əgər əvvəllər Kreml İrəvanın balans siyasətinə müəyyən qədər dözümlə yanaşırdısa, indi artıq daha konkret mövqe nümayiş etdirir. Onun fikrincə, yaxın aylarda Ermənistan rəhbərliyi qarşısında iki seçim qalacaq: ya Rusiya ilə strateji müttəfiqliyi davam etdirmək, ya da Avropa inteqrasiyasını seçərək bunun siyasi və iqtisadi nəticələrini qəbul etmək.
Beləliklə, Yekaterinburq səfəri Moskva ilə İrəvan arasında münasibətlərdə dönüş nöqtəsi yaratmadı. Əksinə, ekspertlərin qiymətləndirməsinə görə, Kreml Ermənistan rəhbərliyinə ilk dəfə bu qədər açıq şəkildə geosiyasi seçim etməyin vaxtının çatdığını nümayiş etdirdi. Qarşıdakı aylar isə bu münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirəcək.