📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

YANACAQ BÖHRANI MOSKVANI DA VURDU - Tıxaclar, növbələr, bahalaşma...

2026-07-05 10:58:08

YANACAQ BÖHRANI MOSKVANI DA VURDU - Tıxaclar, növbələr, bahalaşma...

Rusiyanın demək olar bütün regionları yanacaq çatışmazlığından ciddi əziyyət çəksə də, son günlərə qədər Kreml paytaxt Moskvanın yanacaq təminatını lazımi səviyyədə saxlamağa çalışırdı. Lakin yanacaq kollapsı artıq dünəndən Moskvaya da çatıb.

Hurriyyet.info xəbər verir ki, “Reuters” agentliyi Moskvadakı iri YDM-lərdə növbələr yarandığı barədə məlumat yayıb. Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya neft emalı zavodlarına endirdiyi zərbələrin yaratdığı yanacaq böhranı, Rusiyanın və Avropanın ən böyük şəhərlərindən biri və 13,3 milyon (Moskva vilayəti də daxil olmaqla təxminən 19 milyon) əhalisi olan Moskvanın gündəlik həyatına getdikcə daha çox təsir göstərir. Ötən həftənin əvvəlindən başlayaraq, "Qazprom Neft", "Lukoil" və "Teboil" də daxil olmaqla bir neçə böyük yanacaqdoldurma məntəqəsi şəbəkəsi hər maşına benzin və dizel yanacağının satışına məhdudiyyətlər qoyub. Bundan sonra paytaxtdakı bəzi yanacaqdoldurma məntəqələrində, eləcə də digər bölgələrdə növbələr yaranmağa başlayıb. Həftəsonuna doğru növbələr artıb və böyüyüb.

Şəhər sakinləri “Reuters”-ə bildirirlər ki, bəzi məntəqələrdə benzin tamamilə satılmır, digərlərində sürücülər iki saata qədər növbə gözləməli olurlar. Eyni zamanda, qiymətlər durmadan bahalaşır.

"Vəziyyət pisdir. Hər yerdə növbələr var. Bəzi yerlərdə ümumiyyətlə benzin yoxdur - yanacağı tamamilə tükənmiş üç yanacaqdoldurma məntəqəsinin yanından keçə bilərsiniz. Sonra növbədə dayanırsınız - şansınızdan asılı olaraq növbə bir saat, iki saat və ya 30 dəqiqə çəkə bilər", - Moskva sakinlərindən biri “Reuters”-ə bildirib. 

O qeyd edib ki, şəhərdə yanacaqla bağlı vəziyyət "dəhşətli" olduğundan ictimai nəqliyyatdan istifadə etməyə çalışır.

Bu arada “Mash” kanalı xəbər verir ki, Moskvada tıxaclar son iki həftədə 15-20% artıb, çünki sürücülər "getdikcə təkcə tıxaclarda yox, həm də yanacaqdoldurma məntəqəsinə növbədə dayanırlar". Kanalın məlumatına görə, nəticədə, bəzi yerlərdə hətta gecələr belə lokal tıxaclar yaranır.

“Mash”-ın məlumatına görə, nəqliyyatın hərəkəti ən çox Üçüncü Dairəvi Yolda (TTR), Moskva Dairəvi Yolunun (MKAD) cənub və şimal-şərq hissələrində, eləcə də Leninqradskoye, Dmitrovskoye, Volqoqradskoye Şosselərində və Kutuzovski Prospektində pisləşib. Vilayətdə yanacaqdoldurma məntəqələrindəki növbələr səbəbindən tıxaclar ən çox Novorijskoye, Dmitrovskoye, Volqoqradskoye və Şelkovskoye şosselərində baş verir. Sürücülərin bir qismi yanacaq doldurmaq üçün növbədə dayanır, digərləri isə boş yanacaqdoldurma məntəqəsi axtarmaq üçün şəhəri dolaşırlar. Nəticədə, paytaxtda səhər və axşam tıxaclar ardıcıl olaraq 8-10 bala, gündüz isə 6 bala çatır.

Xatırladaq ki, iyunun ortalarında Moskvanı yanacaqla təmin edən əsas böyük zavod - "Qazpromneft"in Kapotnya Neft Emalı Zavoduna (MOR) iki dəfə Ukrayna dronları hücum edib və nəticədə böyük yanğınlar baş verib. Bu, zavodun tamamilə bağlanmasına səbəb olub və mənbələr onun 2027-ci ilə qədər yenidən açıla bilməyəcəyini bildirirlər. Son aylarda Moskvanı boru kəmərləri vasitəsilə yanacaqla təchiz edən Yaroslavl, Ryazan və Kstovodakı digər neft emalı zavodları da dron hücumlarına məruz qalıb.

Beləliklə, 4 ildən artıqdır davam edən mühariubəni öz üzərlərində az hiss edən moskvalılar da bu savaşın gətirdiyi məhrumiyyətlərlə üz-üzə qalmaq məcburiyyətindədirlər. Bu məhrumiyyətlərin yaratdığı narazılıqlar, etirazlar Kremli müharibəni bitirmək üçün hərəkətə keçməyə məcbur edəcəkmi? Bu sualın cavabı hələlik açıq qalır…