"Yehova şahid"ləri yenə iş BAŞINDA: Əməkdaşımıza GİZLİ təklif: "Pulsuz olacaq..." FOTO
Şəhərin səs-küyü, sərnişinlərin hərəsinin öz aləmində olduğu bir vaxtda avtobusda yanımda əyləşən orta yaşlı bir qadın nəzakətlə mənə yaxınlaşdı. Əlindəki broşürü uzadaraq pulsuz kurslardan və dini söhbətlərdən danışmağa başladı. Söhbətin hara getdiyini çox keçmədən anladım – qarşımdakı Yehova şahidlərinin təbliğatçısı idi. Özümü siravi bir sərnişin kimi apararaq maraqla dinləməyə başladım.
Qadın broşürün üz qabığını göstərərək üzərindəki kədərli qadın şəklinə işarə etdi. Sonra mənə sual verdi: "Dərd-sər nə vaxtsa bitəcək?"
Təəccüblə baxdım. Cavab gözləmədən sualları yağdırmağa başladı: "Problemlərimizin səbəbkarı Allahdırmı?", "Allahın insanların əzabını gördüyünə inanırsanmı?" deyə soruşdu. Mən yenə də donub qalmışam. "İnanırsanmı ki, bir gün bütün iztirablar sona çatacaq?"
Suala qısa cavab verdim: "Bəli". Söhbətin gedişindən hiss olunurdu ki, məqsəd əvvəlcə insanın emosiyalarına toxunmaq, sonra ise dini söhbətə keçməkdir.
Bir az keçmişdi ki, qadın "teokratik məktəb" adlandırdıqları dərslər də təşkil etdiklərini dedi: "Narahat olmayın, dərslərimiz tamamilə ödənişsizdir". Soruşdum ki, bu hansı məktəbdir? Cavab verdi ki, bu, Yehova şahidlərinin dini təlim proqramıdır.
Harada yerləşdiyini soruşanda isə, "sizə ətraflı telefonda başa salarıq", dedi.
Daha sonra onların inancı barədə danışmağa başladı. Dedi ki, "Yehova" Allahın əsl adıdır, "Rəbb", "Qadir" kimi ifadələr isə sadəcə titullardır. Fikrini izah etmək üçün belə bir bənzətmə çəkdi: "Sən həm ana, həm bacı, həm də bibi ola bilərsən. Bunlar titulundur, amma adın başqadır. Allah da belədir".
Adının Kəmalə olduğunu deyən qadın söhbət boyu bir neçə dəfə əlaqə saxlamağı təklif etdi, telefon nömrəsini mənə yazdırdı və istənilən vaxt zəng edə biləcəyimi dedi. Kursların tam pulsuz olduğunu dəfələrlə vurğuladı. Söhbətimizin daha uzun olmasını, daha çox məlumat almaq istəyirdim ki, qadın 12 nömrəli avtobusdan düşərək "Qara Qarayev" metrostansiyasına yollandı. Düşməzdən əvvəl isə ilk fürsətdə onunla əlaqə saxlamağımı xahiş etdi.
Əslində, avtobusda yaşanan bu təsadüfi söhbət illərdir müzakirə olunan bir mövzunu yenidən yada saldı. Yehova şahidləri müxtəlif ölkələrdə olduğu kimi, Azərbaycanda da uzun illərdir dini ədəbiyyat yaymaq və insanlarla fərdi söhbətlər aparmaq üsulundan istifadə edirlər. Son dövrlər onların fəaliyyəti əvvəlki qədər gözə çarpmırdı. Lakin avtobusda qarşılaşdığım bu hadisə göstərir ki, fərdi təbliğat cəhdləri hələ də davam edir.

1931-ci ilə qədər "Müqəddəs Kitab Tədqiqatçıları" adı ilə fəaliyyət göstərən bu dini cərəyan hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla davamçıya malikdir. Azərbaycanda da onların tərəfdarları mövcuddur.
Ölkə qanunvericiliyinə əsasən dini təbliğat və dini ayinlərin keçirilməsi müəyyən qaydalarla tənzimlənir. Hüquq-mühafizə orqanları da zaman-zaman qanunvericiliyin tələblərinə zidd dini fəaliyyətlərlə bağlı tədbirlər həyata keçirib.
Qanunvericiliyə görə, dini icmalar yalnız öz hüquqi ünvanlarında və müəyyən edilmiş ibadət evlərində fəaliyyət göstərə bilərlər. Küçələrdə, parklarda, meydanlarda və ictimai nəqliyyatda (marşrut avtobuslarında, metroda) icazəsiz dini təbliğat aparmaq, broşürlər paylamaq və insanları dini kurslara dəvət etmək qanun pozuntusu hesab olunur. Eyni zamanda, qanunvericilik dini radikalizm və icazəsiz dini təbliğatın (prozelitizm) qarşısının alınması məqsədilə ciddi cərimələr tətbiq edir. Azərbaycan üçün bu sektorun genişlənməsinin ən arzuolunmaz tərəfi budur ki, Yehova Şahidlərinin dini inancına görə hərbi xidmət ləğv edilməli, insanlara alternativ hərbi xidmət imkanı verilməlidir.
Yehova şahidlərinin əvvəllər də qeyri-qanuni yığıncaqlar keçirməsi və ya icazəsiz dini ədəbiyyat yayması səbəbindən hüquq-mühafizə orqanları tərəfindən xəbərdarlıq aldıqları və inzibati məsuliyyətə cəlb olunduqları məlumdur. İctimai nəqliyyat kimi qapalı və kütləvi məkanlarda sərnişinlərə psixoloji təsir göstərərək öz sıralarını genişləndirməyə çalışmaq hüquqi müstəvidə qanun pozuntusu kimi qiymətləndirilir.