“Yeni Klinika”nı 50 nəfər mühafizə edəcək – 639 min manata
“Yeni Klinika” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Hurriyyet.Az xəbər verir ki, mühafizə xidmətlərinin həyata keçirilməsi məqsədi ilə elan edilən tenderin qalibi “Gesco” ASC (VÖEN – 1300664041) olub.
“Yeni Klinika”nın 8 ay ərzində mühafizəsinə görə “Gesco” ASC-yə 638 min 946 manat 40 qəpik ödəniləcək. Klinikanın mühafizəsinə ümumilikdə 50 nəfər cəlb olunacaq. Bunlardan 1 nəfəri xidmət rəisi, 3 nəfəri növbə rəisi, 40 nəfəri kişi mühafizəçi, 6 nəfəri isə qadın mühafizəçi olacaq.
Məlumat üçün bildirək ki, 4 000 manat nizamnamə kapitalı olan “Gesco” ASC 26.05.2005-ci il tarixində dövlət qeydiyyatına alınıb. ASC-nin qanuni təmsilçisi Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin sabiq müdir müavini Camalzadə Murad Fərrux oğludur. “Gesco” ASC-nin təsisçisi isə Nağıyev İlham Əli oğludur.