Yeni Klinikanın direktoru: "Tibbi xətaların 80 faizi insan faktorundan qaynaqlanır"
"Dünyada hər il təxminən 4-4.5 milyon insan həyatını itirir. Bunun əsas səbəbi tibbi xətalardır".
Hurriyyet.info xəbər verir ki, bunu TƏBİB və bp-nin tərəfdaşlığı ilə Yeni Klinikada yaradılan Simulyasiya və Təlim Mərkəzinin açılış mərasimində Yeni Klinikanın direktoru Zəhra Vəzirova bildirib.
Onun sözlərinə görə, hospitalizasiya hallarının təxminən 10%-də bu növ səhvlərə yol verilir:
"Ən qorxulusu odur ki, bu xətaların 80%-nin kökündə insan faktoru dayanır. Təbii ki, mən sizinlə müsbət faktları da bölüşmək istəyirəm. Belə ki, bu problemlərin və səhvlərin qarşısını almaq tamamilə mümkündür. Biz hamımız keçmiş dövrün standartlarına uyğun, ənənəvi bir sistemlə təhsil almışıq. O dövrün tədris metodu belə idi, əvvəlcə mühazirələrdə nəzəri bilikləri mənimsəyirdik, daha sonra klinikada təcrübə keçirdik. Yalnız bir neçə ildən sonra işimizdə lazımi əminlik qazanır, xəstələri yüksək səviyyədə müalicə edə bilirdik. Lakin etiraf etməliyik ki, o çətin dövrlərdə ilk təcrübələrimizi birbaşa xəstələrin üzərində qazanırdıq və bu, müəyyən fəsadlara, ağırlaşmalara yol açırdı. Müasir dövrdə isə həm etik, həm də tibbi baxımdan bu yanaşma artıq yolverilməzdir. Məhz buna görə də hazırda tibb təhsilində qızıl standart — simulyasiya əsaslı tədris proqramlarıdır.
Simulyasiya təhsilinin strukturu və ardıcıllığı tamamilə fərqlidir. Burada siz əvvəlcə mütəmadi məşqlər edirsiniz. Təlim zamanı "səhv" sözünü işlətmək qadağan olsa da, reallıqda müəyyən xətalara yol verilir. Yalnız bu mühitdə tam əminlik qazandıqdan və qiymətləndirmədən uğurla keçdikdən sonra həkimlərin klinikaya, birbaşa xəstə yanına buraxılmasına icazə verilir. Beləliklə, hər bir mütəxəssis öz ilk səhvlərini xəstə üzərində deyil, simulyasiya mərkəzində — yəni tamamilə təhlükəsiz mühitdə edir.
Simulyasiya tədrisinin üstünlükləri olduqca çoxdur. Ən birincisi təhlükəsizlikdir. Eyni proseduru heç bir zaman məhdudiyyəti olmadan dəfələrlə, hətta yüz dəfə təkrar edə bilərsiniz. 100 dəfə səhv etsəniz belə, 101-ci cəhddə doğrunu tapıb qiymətləndirməni keçdikdən sonra rahatlıqla klinik fəaliyyətə başlaya bilərsiniz".
Klinika direktoru əlavə edib ki, real klinik fəaliyyət, xüsusilə anesteziologiya, reanimasiya, təcili tibbi yardım və cərrahiyyə kimi sahələr tamamilə komanda işinə əsaslanır:
"Bu komanda ruhunu və koordinasiyasını universitet auditoriyasında öyrətmək demək olar ki, qeyri-mümkündür; buna yalnız simulyasiya formatında nail olmaq olar".