📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni qayda qüvvəyə mindi - Bütün avtomobillərdə sürücü izlənəcək

2026-07-09 13:01:43

Yeni qayda qüvvəyə mindi - Bütün avtomobillərdə sürücü izlənəcək

Avropa İttifaqında (Aİ) yol təhlükəsizliyini artırmaq məqsədilə yeni qayda qüvvəyə minib. Yeni tələblərə əsasən, Aİ ölkələrində satılan və ya ilk dəfə qeydiyyata alınan bütün yeni minik avtomobilləri, mikroavtobuslar, yük maşınları və avtobuslarda sürücünün diqqətini izləyən daxili kamera sistemləri və hadisə məlumatlarını qeydə alan qurğuların quraşdırılması məcburi olacaq.

Hurriyyet.info  xəbər verir ki, yenilənmiş "Ümumi Təhlükəsizlik Qaydaları"na əsasən tətbiq edilən "Qabaqcıl Sürücü Diqqətinin Yayınması Xəbərdarlığı" (ADDW) sistemi sürücünün baxış istiqamətini, baş hərəkətlərini və diqqət səviyyəsini izləyəcək. Sistem aşağı sürətlərdə işləməyə başlayacaq, avtomobilin sürəti artdıqca isə nəzarət daha da sərtləşəcək.

Qaydalara görə, avtomobil saatda 50 kilometr və ya daha yüksək sürətlə hərəkət edərkən sürücü 3,5 saniyədən çox yolu izləmədikdə sistem xəbərdarlıq edəcək. Saatda 20 kilometr və daha yüksək sürətdə isə bu hədd 6 saniyə müəyyən edilib. Xəbərdarlıqlar vizual, səsli və ya titrəyiş formasında veriləcək.

Yeni tənzimləmə çərçivəsində avtomobillərdə "qara qutu" kimi tanınan hadisə məlumatlarını qeydə alan qurğunun quraşdırılması da məcburidir. Bu sistem mümkün qəza zamanı avtomobilin sürəti, əyləcləmə və sükan hərəkətləri kimi texniki məlumatları qeydə alacaq.

Rəsmilər bildirirlər ki, daxili kameralar biometrik identifikasiya və ya üz tanıma funksiyası ilə işləməyəcək, toplanan məlumatlar avtomobildən kənara ötürülməyəcək. İstehsalçılar sistemi müxtəlif hava və işıq şəraitində etibarlı işləyəcək şəkildə hazırlamalı, sürücülərə isə xəbərdarlıqları və ya sistemi müvəqqəti deaktiv etmək imkanı təqdim etməlidirlər.

Yeni qayda tərəfdarları bunun yol qəzalarının qarşısını almağa kömək edəcəyini və insan həyatını xilas edəcəyini bildirirlər. Bununla yanaşı, bəzi ekspertlər və istifadəçilər gələcəkdə bu texnologiyaların daha geniş nəzarət sistemlərinə çevrilə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlər. İlk istifadəçi rəylərində sistemin bəzən əsassız xəbərdarlıqlar verdiyi və sürücülərdə daimi izlənilmə hissi yaratdığı da qeyd olunur.